Qusar haqqında

1929-cu ildə Quba qəzası ləğv edilərək rayonlara bölünmüş və mərkəzi Hil kəndi olmaqla indiki Qusar rayonu yaradılmışdır. Qusar rayonu 1930-cu ildə təşkil edilmişdir. 1934-cü ildə rayon mərkəzi Qusara köçürülmüşdür və 1938-ci ildən isə bura şəhər statusu verilmişdir.

Qusar toponiminin mənşəyi haqqında müxtəlif fikirlər mövcuddur. Qusar sözünə A.Bakıxanovun "Gülüstani-İrəm" əsərində də rast gəlinir. Əsərdə 1602-ci il hadisələrindən bəhs edilərkən Qusar kəndinin adı çəkilir.

Strabon və Heredotun məlumatına görə isə indiki Qusar ərazisində "kas" tayfaları yaşayıb. Sonradan "kasar" (kaslar) "ktsar" kimi deformasiya olunub.

Bəzi müəlliflər isə Qusar sözünü "ğutsar" ( Ləzgi dilində "гъуцар" "Tanrılar" mənasını verir) sözü ilə əlaqələndirir.

Qusar rayonu coğrafi mövqeyinə görə Azərbaycanın "Şimal qapısı" adlandırılır. Azərbaycanın şimal-şərqində yerləşir. Qusar rayonunun ərazisi 1499.5 km2 -dir. Rayonun ərazisinin tərkibinə 1 şəhər (Qusar), 1 qəsəbə (Samur), 88 kənd daxildir. Qusar rayonu sərhədlərinin uzunluğu 255 km-dir. Bunun 170 km-i quru, 45 km isə su sərhədi (Samurçay və Qusarçay) təşkil edir. Rayon şimal-qərbdən Rusiya Federasiyası (Dağıstan)(95 km), şimal-şərqdən Xaçmaz rayonu (65 km), cənub-şərqdən isə Quba rayonu (70 km), cənub-qərbdən isə Qəbələ rayonu (25 km) ilə həmsərhəddir.

Rayon mərkəzi dəniz səviyyəsindən 690-730 metr, ən ucqar Əlix kəndi 2400 metr yüksəklikdə yerləşir. Böyük Qafqaz dağlarının Bazardüzü (4466 m) və Şahdağ (4243 m) zirvələri, eləcə də 1998-ci ildə Heydər Əliyevin 75 illik yubileyi şərəfinə fəth edilmiş və ümummilli liderimizin adı verilmiş Heydər zirvəsi (3755 m) Qusar rayonu ərazisindədir.


2018-ci ilin yanvarın 1-nə olan statistik məlumat

Ərazisi (km2): 1499,5

Əhalisi (min nəfər) 97,2

Şəhər 20,6

Kənd 76,6

Əhali sıxlığı( 1 km2 düşən) 65

Yaşayış məntəqələrinin sayı 90

Şəhər 1

Qəsəbə 1

Kənd 88

İnzibati ərazi dairələrinin sayı 29

Məktəbəqədər təhsil müəssisələrinin sayı 13

Əyani ümumtəhsil müəssisələrinin sayı 86

Xəstəxanalarıın sayı 4

Kitabxanaların sayı 49

Klub müəssisələrinin sayı 56

Teatrların sayı 1

Muzeylərin sayı 3

Daşınmaz tarixi mədəniyyət abidələrinin sayı 78