Şəhid övladları üçün "Şahdağ Turizm Mərkəzi"ndə əyləncəli tədbir təşkil edilib

1-2 fevral tarixlərində "Şahdağ Turizm Mərkəzi" QSC-nin,eləcə də "Sport System"in dəstəyi və "Fire Land Production"ın təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olan hərbçilərimizin övladları üçün “Mənim atam qəhrəmandır”,”Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. 


“Gənclər Günü” çərçivəsində keçirilən tədbirin məqsədi 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütovlüyü, müstəqilliyi və  suverenliyi uğrunda canlarını qurban verən qəhrəmanlarımızı dərin hörmət və ehtiramla yad etmək, bizlərə əmanət olan övladlarını diqqət və qayğıdan kənar saxlamamaq, onlara xoş və maraqlı günlər bəxş etməkdir. 


2 gün davam edən tədbirdə Bakıdan və Qusar rayonundan 100-ə yaxın şəhid övladı və onların yaxınları üçün Kompleks ərazisinə ekskursiya təşkil edilib , ərazidəki kanat yollarından və atraksionlardan istifadə imkanı yaradılıb, həmçinin onlar üçün  müxtəlif əyləncələr, maraqlı oyunlar, musiqili konsert proqramları təşkil edilib,eləcə də xizək sürmə vərdişləri öyrədilib.


Qeyd edək ki, bu "Şahdağ Turizm Mərkəzi" QSC-nin dəstəyi və "Fire Land Production"ın təşkilatçılığı ilə baş tutan ”Mənim atam qəhrəmandır”,”Mənim oğlum qəhrəmandır”  layihəsi çərçivəsində ikinci tədbirdir.