“Şahdağ” Turizm Mərkəzi yay mövsümünün açılışı ilə əlaqədar olaraq bir sıra turizm şirkətləri və korporativ müştəriləri üçün tanışlıq məqsədli infotur təşkil edib.
İnfoturun məqsədi Turizm Mərkəzinə turların təşkilini həyata keçirən şirkətləri Kompleksdə görülən işlər və yeniliklərlə tanış etmək, turizm məhsulları haqqında ətraflı məlumatlandırmaq, eləcə də yay mövsümündə qonaqlara təqdim edilən əyləncələri nümayiş etdirməkdir.
İnfotur çərçivəsində şirkət nümayəndələrinə mərkəzin tabeliyində olan hotellər, onların yerləşmə imkanları və turistlərə təqdim olunan xidmət çeşidləri haqqında ətraflı məlumat verilib.
2 günlük səfər zamanı infotur iştirakçıları “Şahdağ” Turizm Mərkəzində ziyarətçilər üçün yaradılan şəraitlə tanış olub, qonaqların asudə vaxtlarını xoş keçirmələri üçün Kompleks ərazisində olan atraksionlardan və əyləncələrdən istifadə ediblər.