“Şahdağ” Turizm Mərkəzi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən beynəlxalq “Riyad Səyahət Sərgisi”ndə iştirak edir.
Sərgidəki milli stenddə “Şahdağ” Turizm Mərkəzi ilə yanaşı, Azərbaycan Turizm Bürosu, “Azərbaycan Hava Yolları” QSC və 13 yerli turizm sənayesi nümayəndəsi təmsil olunur.
Stend ziyarətçilərinə Turizm Mərkəzinin fəaliyyət istiqamətləri, kompleks ərazisində yerləşən hotellər və xidmətlər, eləcə də əyləncə növləri haqqında ətraflı məlumat verilir.
Sərgi çərçivəsində digər iştirakçı ölkələri təmsil edən turizm şirkətləri ilə B2B formatlı görüşlər keçirilir, qarşılıqlı əməkdaşlıq imkanları qiymətləndirilir.
Mayın 24-dək davam edəcək “Riyad Səyahət Sərgisi”ndə dünyanın 55 ölkəsindən 300-dən çox turizm sənayesi nümayəndəsi təmsil olunur. Sərginin 30 minədək ziyarətçini qəbul edəcəyi gözlənilir.
Qeyd edək ki, 2022-ci ilin aprel ayı ilə müqayisədə bu ilin aprel ayında Səudiyyə Ərəbistanından olan ziyarətçi sayında 3 dəfə artım müşahidə olunub. Eyni zamanda Səudiyyə Ərəbistanı 2023-cü ilin aprel ayında ölkəmizə həyata keçirilən uçuşların statistikasında ilk beşlikdə yer alır.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının “Flynas” hava yolları şirkəti Bakı və Ər-Riyad arasında birbaşa reyslər həyata keçirir.