a cute kitten

Şahdağ ilə Paralimpiya arasında Memorandum

 


Şahdağ Turizm Mərkəzi korporativ sosial məsuliyyət siyasəti çərçivəsində Millli Paralimpiya komitəsi ilə 18 fevral tarixində tərəfdaşlıq memorandumu imzaladı. Memorandumu Rodderich Leffler - Şahdağ Turizm Mərkəzi QSC-nin sədri və Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov imzalayıb.


Memorandum Şahdağ Turizm Mərkəzi və Milli Paralimpiya Komitəsi arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsini, qış idman növləri başda olmaqla Paralimpiya Komitəsinin nəzdində olan idman növlərinin inkişafına dəstəyi nəzərdə tutur.


"Bizim üçün bu tərəfdaşlıq çox vacibdir. İdmançılarımızın, hazırlıqlarına hansısa bir şəkildə dəstək ola biləcəyimiz üçün son dərəcə qürurluyuq. Ölkənin ilk və ən böyük turizm mərkəzi olaraq paralimpiyaçılarımızın hazırlıqlarının keçirilməsini dəstəkləmək həm ölkə idmanının inkişafına, həm də korporativ sektor tərəfindən paralimpiya hərəkatına diqqətin artırılmasına verilmiş bir töhfədir. Sevindirici haldır ki, ötən mövsümlərdə dağ xizəyi idman növü üzrə mərkəzimizdə hazırlıq keçmiş idmançılar gözəl nəticələr verirlər. Həm texniki bazamızla, həm də əməkdaşlarımızla bu fəaliyyətlərin daha da dərinləşməsinə çalışacağıq. Mən sözügedən idmançıların hazırlanmasında ciddi çalışan, dağ xizəyi komandasının məşqçiləri olan Şahdağ Turizm Mərkəzinin əməkdaşlarına uğurlar arzu edirəm və daha böyük nailliyətlər əldə edəcəyimizə inanıram” cənab Leffler bildirib.


Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov ilk növbədə Şahdağ Turizm Mərkəzində idmançılarımız üçün yaradılan şəraitə görə Rodderich Lefflerə öz təşəkkürünü bildirmiş və Tokionun 2020 Paralimpiya Oyunlarına hazırlıq ərəfəsində Mərkəzdə idmançılarımızın təlim məşq keçmələrinin Paralimpiya hərəkatına böyük dəstək olduğunu vurğulamışdır. İlk dəfə Azərbaycanın Pekin 2022 Qış Paralimpiya Oyunlarında iştirak edəcəyini qeyd etmişdir. Daha sonra İlqar Rəhimov Şahdağ Turizm Mərkəzində hal hazırda təlim məşqdə olan dağ xizəyi idman növü üzrə idmançılarımızın məşq proseslərini yaxından izləmiş, idmançıların fiziki hazırlıq səviyyələri ilə tanış olmuş və idmançılara uğurlar arzulamışdır.


Şahdağ Turizm Mərkəzi ən müasir avadanlıqlarla təchiz edilmiş, aparıcı beynəlxalq şirkətlər tərəfindən qurulan ölkənin ilk və ən böyük dağ kurortudur. Şahdağ milli parkının yaxınlığında salınan bu kompleks Azərbaycanda dağ-xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradır.