Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən “Şahdağ Turizm Mərkəzi”nin və Azərbaycan Motoklublar Birliyinin birgə təşkilatçılığı ilə Şahdağ Motosiklet Festivalı keçirilib.
Şahdağda ilk dəfə olaraq baş tutan festivala ölkənin müxtəlif bölgələrindən 300-ə yaxın motohəvəskar qatılıb. İki gün davam edən tədbirdə motosikletçilər təşkilatçılar tərəfindən hazırlanan müxtəlif müsabiqələrdə iştirak ediblər.
Yarışda motohəvəskarlar güclü motosiklet, dəbli motosiklet, təcrübəli motosikletçi, uzağa üzmə, qol güləşi və digər müsabiqələr üzrə birincilik uğrunda mübarizə aparıblar.
Öz bacarıqları və istedadları ilə seçilən qaliblər sonda münsiflər heyəti tərəfindən müxtəlif mükafatlarla təltif olunublar.
Tədbir çərçivəsində kompleksin qonaqları üçün motohəvəskarlar tərəfindən ödənişsiz peşəkar təlimlər də keçirilib.
Həm yerli, həm də əcnəbi qonaqlar tərəfindən böyük maraqla qarşılanan festival çərçivəsində iştirakçılar və turizm mərkəzinin qonaqları üçün şou-proqramlar təşkil edilib.