“Red Bull Qaçaqaç” yarışının qalibləri bəlli olub

Qış mövsümünün ən maraqlı və həyəcanlı tədbirlərindən biri olan “Red Bull Qaçaqaç” sona çatıb. 150 nəfərdən çox iştirakçının qatıldığı tədbirdə xizək və snoubord sürənlər bir araya gələrək yarışıblar. 


“Şahdağ Turizm Mərkəzi”ndə keçirilən “Red Bull Qaçaqaç” tədbirinə həm həvəskar, həm də peşəkar qış idman sevərləri qatılıblar. 


Yarışın şərtlərinə əsasən 2351m. yüksəklikdən start götürəniştirakçılar əvvəlcədən hazır qoyduqları snoubord və xizəklərinə doğru qaçmalı, onları sürətlə geyinərək 5 km-lik məsafəni sürüşməli idilər.  


Tədbirin nəticələrinə əsasən ən sürətli sürüşən 5 nəfər qalib seçilib. Xanımlar arasında ən sürətli xizək və snoubord üzrə Nigar Əmirova və Günel Teymur, kişilər arasında isə ən sürətli xizək və snoubord sürən Rauf Mirzəmov və Cahangir Muradov “Red Bull Qaçaqaç” yarışının qalibləri seçiliblər.  


Tədbirin “ən kreativ geyim” kateqoriyası üzrə iştirakçısı İlkin Əliyev öz görünüşü ilə hər kəsin diqqətini çəkərək və münsiflərdən ən yüksək xal toplayaraq yarışın qalibi olub. 
Bütün kateqoriyalar üzrə qalib gələnlər “Red Bull”dan 500 azn pul mükafatı və müxtəlif hədiyyələr, həmçinin “Şahdağ Turizm Mərkəzi”ndən vauçerlər qazanıblar. 


Ölkəmizdə artıq ikinci dəfədir baş tutan “Red Bull Qaçaqaç” yarışı “Red Bull Homerun” adı ilə dünyanın bir çox ölkələrində keçirilir. Əsas məqsəd qış idman növlərinə olan marağı artırmaq və insanlara əyləncəli anlar bəxş etməkdir.